Just another WordPress.com site

Şamil Dəlidağa həsr olunan şerlərdən nümunələr
Məmməd Araz, Xalq şairi
Daş qartal
Samil Əsgərə ithaf olunur

O daşdan yonulub dag zirvəsində,
Baxışı qəzəbli, duruşu məğrur.
Elə dartınıb ki, yan yörəsindən
Qoca qartallar da uçmağa qorxur.

Gözü hədəf gəzir göy tağlarında,
Uçmağa tələsir – mnzil uzaqdır.
Deyirsen bu saat caynaqlarında
Dağı da havaya qaldıracaqdır.

Qanadı altında keçir boz duman,
Qanadı ucuna ilişir bulud.
Diksinir ötəndə onun yanından,
Qaralıb ağlayır gümüşü bulud.

Sanki dağ hirslənir „bu nə duruşdur,
Nə qədər çəkərmiş qartal uçmağı?“
Daşı qartal etmək dağlara xoşdur,
Qartalın daşlığı kiçildir dağı.
Kəlbəcər, Iyul, 1968

Xəlil Rza, Xalq Şairi
Kəlbəcər möcüzəsi
(Dost məktubuna cavab)

Mən bu gün bir məktub aldım qəzetlərin arasında,
Xəyal uçdu, gedib qucdu tanrısal bir təbiəti.

Elə bil ki, ağ göyərçin dimdiyində gətirmişdi,
Gözlərimə işıq verdi qardaşımın tanış xəttı.

Məktubunda bir az giley, umu-küsü, bir az da qəm,
Və qəmlərə qılınc çəkən bir Kişinin şəxsıyyəti.

Hər cümləni, hər sətrini gözlərimlə öpdüm, ey dost,
Susuz, təşnə dodaqlara mən vermədim bu fürsəti.

O kəslər ki qəhrəmandır, müqəddəs bir dəyirmandır,
Zaman-zaman üyüdəcək hər dərdi, hər məşəqqəti.

Qanadlandım, qardaşımla birgə uçdum,
Bəlkə özün yaratmısan o möcüzə məmləkəti.

Biz səninlə o aləmi addım-addım dolaşmışıq,
Qanımıza atəş verib hər daşının ziyarəti.

Ulduzlara pilləkəndir Laçınqaya, Şahinqaya,
Qəhrəmanlıq heykəlidir ağ camallı Murov, Keyti.

Billur sular sürətini kimdən almış? İldırımdan.
Tərtər, Tutqu, Qamışlı çay, bir-birindən güclü, iti.

O Bağırxan zirvəsidir… O Armudlu tala, Qoçdaş,
Nişan verib yüz cənnəti barmağının şəhadəti.

Təbiətmi qüdrətlidir, yoxsa cəsur, ülvü insan,
Hər daşını öpəsiyəm, göstər mənə Ağcakəndi.

Qapı açdım məndən əvvəl qarla külək girdi evə,
Daş eviniz xatırlatdı o möhtəşəm imarəti.

Qucaqlaşdıq, bayramlaşdıq, dost gəlişı bayram olar,
Bir stəkan su istədim… Su verdi ki bal şərbəti.

Gözəl bacım Nazılə xanım ağappaq bir süfrə açdı,
Mümkünmüdür heç unutmaq o neməti, o qisməti?

Kiçik Həjar şer oxudu, böyük Həlar düşdü yada,
Hansı çovğun qira bilər bu birliyi, bu vəhdəti!

Min çiçəkdən bal gətirən qanadlılar sənə oxşar,
Damcı-damcı qazanmısan dünya boyda səadəti.

Təndir başı… isti çörək – yağlı, südlü, yumurtalı,
Təndir böyük…alovları anamızın sıxavəti.

Gözlərini borc istədim, görmək üçün o diyarı,
Dağı, daşı görmək azdır duymaq üçün mahiyyəti.

_Gedək!- dedin – öpək orda qirxbuxumu, qantəpəri,
Qan bənövşə, Qız bənövşə yamacların yaz zinəti.

Bu qayalar, dağlar ki var, özü boyda brilyantdır,
Növ-növ, əlvan xəzinələr tufu, gili, kirəmiti.

Dəvəgözü, süngər daşı lələ bənzər, dürrə bənzər,
Diləyimiz qızıl olar mənimsəsək bu sərvəti.

Sən toppuzla daş çapanda qanadlandı qığılcımlar,
İradənlə cilaladın, pardaqladın qraniti.

Çayın dərə məcrasında ağ sütunlu sal qayalar
Soruş nəyi xatırladır? Mərələşən sücaəti.

Əngin dərə, zəngin dərə, yaqut dərə, zümrüd dərə,
Dayan nəfəs dərə-dərə nuş elə bu əzəməti.

Qaranlıqda pələnglərin gözlərindən işıq alan,
Macaralar – dağ altının iki era səltənəti.

Əyilmişəm kor dibində bənövşənin gözlərindən
Öpə-öpə seyr etmişəm qar içində bir cənnəti.

İldırımlar qarı sökmüş, zirvələri çaya tökmüş,
Tufan yıxa bilməmişdi üç ləçəkli bir xilqəti.

Qar içində, gül içində yol getmişik atlı, atsız,
Qucaqlaya-qucaqlaya o neməti, bu neməti.

Buxarlanan isti çayda kəklikotu rahiyəsi,
Bir fincana necə siğmış min bir iqlim təravəti.

Tərtərçayın ağ şəridi Dəlidağdan Kürə qədər,
Gah şəlalə, gah sel olur dalğalanan dağ qüvvəti.

İstisuyun qaynağında vulkan güclü püskürtülər,
Yer altında zaman-zaman təpən odun hərarəti.

Qanadlanan ağ damcılar başın üstə ag paraşüt,
Tut ucundan, qalx Günəşə, sənə qismət göy vüsəti.

Yeddi rəngli, yetmış zehli göyqurşağı odur yanır,
– Bəxtim, – deyə keç altından, əldən vermə bu fürsəti.

Kahalara tufan doğsa, silkələyər bəlkə dağı,
Dağ yüksələr qanadında yüz-yüz qartal əzəməti.

Saatlarla dinləmişəm aşıb-daşan gurultunu,
Allah,Allah! Kim yaradıb yerdə, göydə bu hikməti?

İldırımlar cavab verib: – Biz şairin qələmiyik,
Göyün zülmət vərəqində işıq salır şair xətti.

Sal qayalar söyləyib ki, iradəni ondan aldıq,
Möhkəmliyi verib bizə dözənlərin dəyanəti.

Qışın bro-bro vaxtı yanaşmışıq Qonur dağa,
Tapşırmışıq sahibinə ürək adlı əmanəti.

Soruş, neçin bu dağların məftunuyam, Məcnunuyam?
Çünki sənə dağlar verib qüdsiyyəti, cəsarəti.

Bəlkə bu gün pərişansan, bağrıqansan, nigaransan?
Yox, qardaşım, qovmalıyıq kəsafəti, nədaməti.

Mən bilirəm: sıxır qəlbi cəhalətlər, xəyanətlər,
İnan mənə: əvvəl-axır dəfn edərik xəyanəti.

Bərk ayaqda sarsılmamaq igidlərin şakəridir,
Bəzən səbr, dözüm olur mərdin ilkin ləyaqəti.

Sən yanmasan, mən yanmasam, kim parçalar bəs zülməti?
Məgər yaddan çıxarmı heç Nazım Hikmət nəsihəti.

Yadindamı, öz evində şer oxudun bildir bizə,
Bir şairin mənzilinə sığan gördük planeti.

Bəlkə qaçmaq istəyirsən bu dövranın dərdlərindən,
Yox, hamıya qismət olmur dərdi çəkmək mərifəti.

Ümmanları sevir tufan… nə işi var gölməçədə,
Böyüklərin çiynindədir bu dünyanın hər möhnəti.

Gedək! Sənin addımların dəmirdəndir, poladdandır,
Qara səddi dağıtmaqdır Kişilərin xasiyyəti.

Sən fələklə döyüşürsən, min kələklə döyüşürsən,
Bəlkə özün hiss etmirsən qanındakı rəşadəti?!

Oğlu ölən bir ananı səni öpən, qucan gördüm:
– Can Şamilim, sən gəlmisən, mən unutdum müsibəti.

Qoy əyilim, qurban olum ayağınin tozuna da,
Mənim yasim toya döndü, sən gətirdin bu hörməti.

Yaziq ana iməkləyir, sürünürdü dizin-dizin,
Bir-birinə qarışmişdi səadəti, fəlakəti.

İri güclü əllərinlə sən qaldırdın onu yerdən,
– Əziz ana! Bircə sözdə yerin-göyün kəraməti.

Ortaliqda qara tabut, gözü yaşli ana gülür,
Şamil, hansi xoşbəxt görüb bu boyda el məhəbbəti?!

Sən yurdlarin çirağisan, çünki bir vaxt öz əlinlə
Evdən evə çox çəkmisən işıq teli, hünər xətti.

Qişda odun daşımısan ormanlardan məktəblərə,
Qar layında sənin izin – maşınların təkər rəddi.

Bənna kimi, memar kimi can vermisən yüz divara,
Quma keçib, daşa keçib əllərinin hərarəti.

Yeni muzey… Kəlbəcərdə Ermitajın bir parçası,
Kim göstərib bu xidməti, kim verəcək bəs xələti?

Üç yüz əlli daş növünü nə cür saydin bir binada?
Gözəllikdi xallı daşla xalsız daşın rəqabəti.

Böyük amal oğlu üçün kiçik iş də böyük , ulu,
Nəfəsinlə qurutmusan divardakı yaş sementi.

Sənin qırıq külüngün də müqəddəsdir mənım üçün,
Külüngünə kəsər verib ürəyinin məhəbbəti.

Qəhrəmanlar heç bir zaman xidmət üçün pay istəmir,
Qüdrətini paylamaqdır həm şöhrəti, həm qiyməti!
„Uzun sürən gənclik“ kitabından, Azərnəşr,1994 (səh. 358-362)

Nəbi Xəzri, Xalq Şairi
Kəlbəcər Harayı
Şair dostum Şamil Əsgərova

Çökdü vadilərə bir qara kölgə,
Hay ver, köhnə dostum,
bu gün hardasan?
Ağlayır ürəyin yaş yökə-tökə,
Yurdun viran qaldı, özün hardasan?

Vaxtsız vida dedi dostlar cahana,
Batdı əzəmətli dağların yasa.
Başsağlığı vermək?
Dil gəlmir buna –
Baş necə sağ olsun,
Yurd dağılıbsa…

Qocaman Murovun uca dağından
Qəmli karvan köçür –
dağıl, a dünya.
Məğrur dağlarımın İstisuyundan
Buzqəlblilər içir,
dağıl a dünya.
Eli viran olmuş Dədə Şəmşirin,
Qəbri tapdalandı,
dağıl a dünya.
Yerin faciəsi göylərdən dərin,
Yer də, göy də yandı,
dağıl a dünya.

İgidlər sığınır həmışə haqqa,
Haqqı, ədaləti görür Tanrımız.
Dünyada şəhidlər verən bir xalqa,
Ən əvvəl ölməzlik verir Tanrımız.

…Şerinlə, qəlbinlə,
dostum, hər zaman,
Sən Ana Vətənin hayına çatdın.
Özü təbiətin muzyi olan,
Doğma Kəlbəcərdə muzey ucaltdın.
Muzey də talandı,
haray, ay haray!
Odlara qalandı,
haray, ay haray!
Ölüm öləcəkdır, yaşayır həyat,
Cəlladın qoy tuncdan zirehi olsun.
Sabah Kəlbəcərdə
bir muzey yarat,
Qanlı cinayətlər muzeyi olsun.

…Çökdü vadilərə bir qara kölgə,
Hay ver, köhnə dostum,
bu gün hardasan?
Ağlayır ürəyin yaş tökə-tökə,
Cənnət viran qaldı, özün hardasan?

Sabah dönəcəyik o yerə hökmən,
Dağları dağlar tək
görəcəyik biz.
Al-əlvan Kəlbəcər çiçəklərindən
Zəfər çələngini hörəcəyik biz!
(„Azərbaycan“ qəzeti, 24 aprel, 1993)

Qasım Qasımzadə, Şair, Professor
Yurdumda arzular çiçəkləyəndə
Dostum Şamilə

Fəhləydi – əlini geri dartdılar,
İş üçün qolunu çirməkləyəndə.
Bənnaydı – üsünə mazut atdılar,
Hördüyü divarı əhəngləyəndə.

Yarış qalibiydı – elin qeyrəti,
Ona bəxş etmışdı qartal sürəti.
Gəzirdi dünyanı şanı-şöhrəti,
Rəqibi sürünüb iməkləyəndə.

Tanınmış alimdı – qəlbə inamlı,
Səadət məramlı, dostluq məramlı.
Kitab aşıqıdir o, adlı-sanlı,
Pərt olar… bir kimsə onu öyəndə.

Bülbüldü – oxucaq…bir an susdular,
Şirin nəvasına qulaq asdılar.
Xəndəkdə gizlənib daşa basdılar
Gözəllik eşqınə mahnı deyəndə.

Həssas bir müdrikdi – tanıyır çoxu,
Qayğı sərvətidir bütün var-yoxu.
Getməz gözlərinə sübhədək yuxu,
Bəzən bədxahını haqlı söyəndə.

Unuda bilməyib ata dağını
Sökür sinəsini möhnət yığını.
Görmüşəm uşaqtək ağladığını,
Alimin xətrinə nadan dəyəndə.

Şairdir – başında şimşəklər çaxmış,
Böhtan yağışları üstünə yağmış,
Sandım ki, Müşfiqin qatili sağmış,
Tanınmır özgə bir libas geyəndə…

Yox! Yox! Basdırmışıq köhnə dünyanı,
Azərbaycan olar – haqqın bəyanı!
O qoymaz tökülsün Şairin qanı
Yurdumda arzular çiçəkləyəndə…

Hüseyn Arif, Şair
Deyir

Könül milyon telli bir saza bənzər,
Gah axşam söyləyir, gah səhər, – deyir.
Bir teldə Borçalı, bir teldə Göyçə,
Biri Kürdən söhbət açır, gah Tərtər, – deyir.

Bir teldə yüz mahnı, yüz dastan yatır,
Şirvan nəfəs dərir, Mil, Muğan yatır.
Təbriz, Xoy, Marağa, Savalan yatır,
Günəş boy göstərib gülümsər, – deyir.

Bir tel gözəllərin gözünə muştaq,
Bir söz şairlərin sözünə muştaq,
Bit tel ceyranların izinə muştaq,
Hərə bir aləmdən bir xəbər deyir.

Bir teldə yer eşqi, el məhəbbəti,
Qadın ləyaqəti, kişi qeyrəti,
Bir tel Arif qəmi, Arif möhnəti,
Bir tel dillənəndə gör nələr deyir.

Bir teldə Qurbani, bir teldə Kərəm,
Bir teldə Zalqızı, bir teldə Dilqəm.
Bir tel də əzəldən Alıya həmdəm,
Bir tel Qasım deyir, Ələsgər deyir.

Bir teldə Murovun dumanı çənı,
Bir teldə torpağın sünbülü, dəni.
Bir tel qəm ovlağı, həsrət məkanı,
Bir tel hər ağrıya sinə gər, – deyir.

Bir teldə bahardır, bir deldə payız,
Qızılgül, bənövşə, qərəınfil, yarpız.
Bir teli dillənər, ötər aramsız,
Bir tel dediyini müxtəsər deyir.

Hüsüyn Arifə birdi aran, dağ,
Yaxşılar yaxındır, yamanlar uzaq.
Bir teldə əbədi yurd salıb Qazax,
Bir tel Şamil deyir, Kəlbəcər, – deyir.
13.01.1984

Hüseyn Kürdöglu, Şair
Dağ kimi dayan
(Şair qardaşım Şamıl Dəlidağa)

Ana matəminə tab eylə, qardaş,
Elə dərd özü də dərdə yaraşır.
Analar dünyadan köçdüyü gündə
İlahi kədərə, dərdə yaraşır.

Qəbri qazılmadı o qəlbi dağda,
Çeşmələr qaldımı səsdə-soraqda?!
Ruhu səmalarda, cismi torpaqda,
Ona asiman da, yer da yaraşır.

Köksü xəzinəydi nəğməyə, sözə,
Min bir bayatısı töhvəydi bizə.
Onun məzarına yaş tökən gözə
Tərtər də, Araz da, Kür də yaraşır.

Borcluyuq eşqinə, istedadına,
Yetsin nəvələri hər muradına.
Vaxtında gələrsə, yer övladına
Xeyr öz yerində, şər də yaraşır.

Ana şəfqətindən varmıdır doyan,
Ana sevgisinin nuruna boyan.
Sən də dar gündə də dağ kimi dayan,
Dağ kimi dayanmaq kürdə yaraşır.
28.10 1993

Zəlimxan Yaqub, Xalq Şairı
Şair harayı

…Neçə dəfə baxmışam,
Kəlbəcər muzeyinə.
Nuru işıq saçırdı
Gözə, ağla, beyinə.
Dostum Şamil Əsgərin
Gözlərinin nuruydu,
Azərbaycan xalqının
Ən böyük uğuruydu…
„Vətən yaraları“ kitabı, Bakı, „Gənclik“, 1995, səh 108-122

Həmid Abbas, Şair
Mərd Şamili

Görməmişdim gözündə yaş,
Sarsıtmazdı onu təlaş.
Bostanına kim atdı daş,
Ağlar gördüm mərd Şamılı.

Şax tutardı kürəyini,
Fil əyməzdi biləyini.
El kədəri ürəyini
Dağlar gördüm mərd Şamılın.

Kökləmişdi sarı simi,
Səslənirdi dərdi-qəmi.
Zirvələrdə bulaq kimi,
Çağlar gördüm mərd Şamılı.

Kəlbəcərdən enmişdı o,
Tənha şirə dönmüşdü o,
Sanmayın ki, sönmüşdü o,
Yanar gördüm mərd Şamili.

Yanıb-yanıb qovrulmuşdu,
Dağ-dərəyə sovrulmuşdu.
Daş muzeydən ayrılmışdı,
Donar gördüm mərd Şamılı.

Yox olsa da var-dövləti,
Kitabları, naz-neməti.
Əvvəlkitək düz qaməti,
Saxlar gördüm mərd Şamili.

…Ümidimi üzmə, Allah,
Sözü günah yazma, Allah.
Dostlar yenə sevincindən
Ağlar görsün mərd Şamılı.
Kəlbəcərdə bulaq kimi
Çağlar görsün mərd Şamılı.

„Şuşa həsrəti, Türk həqiqəti“ kitabından,
„Azərbaycan“ nəşriyyatı, 02 İyun, 1993

Söhrab Tahir, Xalq şairi
Şamil Əsğər Dəlidağın poeziyasına çox yaxşı bələdəm. O, Kəlbəcər dağlarının, çiçəklrinin ətrini verir.Bu poeziya çox milli koloritə bağlıdır, həddindən çox millidir və Şamilin ürəyinin o qızıl damarlarındakı qanıyla yazılan şerlərdı.Şamılın poeziyasında səmimiyyət həddindən artıq güclüdür. Azərbaycan poeziysında səmimiyyətlə sənətkarlıq burləşəndə Şamil Əsgər Dəlidağ lirikası alınır…

Mürvət Qədimoğlu Həkəri, şair, publisist Sənsiz Səninlə söhbətim
Yıxılanda palıd kimi dəy yerə,
Dizlərini bükə-bükə yıxılma!
Elə dəy ki, «ah-vay» desin dağ-dərə,
Ürəyini sökə-sökə yıxılma!
Ömür iki deyil edəsən səhvi,
Əl çirkidir – güdmə qazancı, nəfi.
Dünyanın malına satma şərəfi,
Göz yaşını tökə-tökə yıxılma!

Dağa bel bağlama – vulkan uçurar,
Şamil, verməz ona aman, uçurar.
Qalaya güvənmə – zaman uçurar,
Arxanı ellərə söykə, yıxılma!

Bütün şüurlu ömrünü bu əqidəylə, bu amalla yaşayıb, elə bu əqidəylə də köçdün dünyadan, ustad. Əslində sənin bu şerin hələ neçə illər bundan öncə həm övladlarına, həm dostlarına, həm də xətrini istədiyin bütün insanlara nəsiyyətin, vaxtında qələmə alınmış bir vəsiyyətin idi…

Mən «xətrini istədiyin» dedim və əlbəhəl də düşündüm ki, sənin xətrini istəməyən bir adam var idi ki həyatda? Tək-tək bədxahları, əqidəsi çürükləri nəzərə almasaq, bütün insanlar sənin palıd, polad, əyilməz əqidənin, mərdliyinin, kişi dön­məzliyinin, qətiyyətinin vurğunu idilər və sənlə bir gün təmas­da olan, yaxınlıq edən hər bir kəs özündə müsbətə doğru bir də­yişiklik, bir çevriliş olduğunu hiss etməyə başlayırdı…

Məni də sənə yaxınlaşdıran, hələ özünü tanımadan sənin vurğununa, pərəstişkarına çevirən və nəhayət aramızda ustad-şəyird, bir ata-bala münasibəti yaradan da elə sənin yuxarıda misal gətirdiyim «Yıxılma» rədifli qoşman olmuşdur. Şerindəki mənəvi yaxınlıq, kişilik tövsiyəsi, ərlik deyimləri sonradan Səni mənim mənəvi atama çevirə bildi…

«Döz ürəyim, döz dağlara dönüncə» adlı ağrılı-acılı, nis­gilli, haqsızlığa və ədalətsizliyə qarşı bir harayla və üsyanla dolu olan kitabında gedəcək şerləri varaqlayıram. Oxuya-oxu­ya Səninlə sən dünyanı dəyişməzdən bir gün əvvəlki söhbətlərimizdən həmin bu kitabla bağlı bəzi fraqmentlər gəlib keçir xəyalımdan.

…Səninlə nə qədər söhbətləşib-dərdləşmişdik, bilmirəm, nəhayət gün əyiləndə qalxdım. «Sən bir az uzan dincəl, mən isə evə gedim, sabah yenə gələcəyəm», – dedim. Tez dilləndin ki, «sabah yox, bazar günü gələrsən. O vaxta kimi də bir az ba­bat­laşaram, nəşriyyata verəcəyimiz kitaba bir yerdə bir ön söz yazarıq. Sonra aparıb kitabı nəşriyyata verərsən…»

Onda May ayının 19-u idi. Bazar gününə – ayın 22-ə hələ üç gün qalırdı. O vaxt nə Sənin, nə də mənim ağlımıza gəlməzdi ki, bazar gü­nü mən sizə Səninlə ön söz yazmağa yox, artıq Sənsiz dün­yanın üçüncü gününün ağrısını bölüşmək üçün gələcəyəm…

Dəvət etmədinsə də sabahısı gün sənin yanına qayıdası oldum. Bu fani dünyanı tərk etməyin haqqında müdhiş xəbəri eşidib necə yanına süründüm, necə uçdum, heç özüm də bilmədim. Yol boyu özümü inandıra bilmədiyim acı bir həqiqətlə barışmağa tələsdim… Çatmadım. Məni həmişəki kimi ayaq üstə yox, uzanalı qarşıladın. «Ay dədə» fəryadımı, yüzlərlə in­san selinin iniltisini və sızıltısını eşitmədin. Yüzlərə tanıdığım və tanımadığım insanların əhatəsində Səni son mənzilə yola saldıq…

Bu gün artıq neçə həftədir ki, aramızda yoxsan. Biz birgə yazmağa qərarlaşdığımz müqəddiməni indi Sənsiz necə yazım? Səni bizdən ayıran 23 gündə 23 saniyə belə sənsiz olmadığıma inan, Ustad!

Indi də Səninlə üz-üzə oturmuşam. Bircə fərq ondadır ki, qarşımda indi yalnız iş otağımın divarından asılmış portretini, üzgün xəyalını və bir də önümdə qalaqlanan və sanki mənimlə söhbətləşmək istəyən şerlərini görürüəm. Səninlə sənsiz beləcə dərdləşə-dərdləşə, söhbətləşə-söhbətləşə bu yazını yazmaq yəqin alın yazımmış mənim…

Şerlərinin arasından qulağıma ətrafı lərzəyə gətirən səsinlə və az qala yarım əsr yaşı olan misralarını eşidirəm:

Kim deyir ki, bir oğulu
Doğa bilməz iki ana.
Heç uzağa getməyiniz,
Mən timsalam bu gün ona.
Bir anam kürd, bir anam od –
Odlar yurdu Azərbaycan.
Hər birinin yolunda mən
Göz qırpmadan verərəm can.
Kürd anama sataşanı
Diri-diri soyaram mən.
Od anama daş atanın
Gözlərini oyaram mən!

Sənin bütövlüyünün, əqidə saflığının, doğulub boya-başa çatdığın torpağa, orada yaşayan insanlara qarşı olan sevgi və yanğının tərənnümü kimi qələmə alınmış bu qəbildən olan aramsız ürək çırpıntılarını hər şerinin misralarında ovcumun içi kimi açıq-aşkar hiss edirəm. Vətəni və Xalqı sevmək haqqında dərs vəsaiti olsay­dı Sənin poeziyanın saysız-hesabsız şah beytləri bu dərsliyi bəzəyərdi. Bu cilalı misralara köçmüş fikirlər və duyğular uzun müddət udduğun dağ havası kimi saf, daddığın narzan bulaqlar kimi dup-duru, Ay kimi işıqlı və Günəş kimi hərarətlidir. Son yazılarına diqqət yetirirəm. Öm­rün vəfasına inamın azalsa da Allahın mürvətinə min şükür edirsən. Nə­sihətlərinin çoxunu artıq vəsiyyətlər əvəz edir. Onları yalnız öz övladlarına yox, hamıya ünvanlayırsan. Ömrünün son günlərində də əqidə dönməzliyinin və yüsək vətəndaşlıq möv­qeyinin şahidi oluram. Ömrün boyu yarınmaqdan uzaq oldun, özün demişkən, «arxanı ellərə söykədin, yıxılmadın», böyük hərflərlə yazılan Kişi adını ləyaqətlə daşıdın. «Gündəlik»lə­ri­nin son səhifələrindəki növbəti vəsiyyətin diqqətimi cəlb edir:

Hər kürdə edirəm bunu vəsiyyət,
Meydana çıxsa da bəd, qara niyyət,
Onlara verməyin siz əhəmiyyət,
Hər vaxt sadiq olun Azərbaycana,
Doğma ana deyin həmişə ona…

Sənin böyüklüynün və ucalğının pillələrinə bir-bir qədəm basdıqca zirvələrin Səndən nə qədər aşağıda olduğunun şahidi oluram, Ustad! Səninlə söhbətləşdikcə vücudun kimi nəhəngliyin də mənə əlçatmaz görünür. El dərdinə Sənin kimi yanan 7 oğul istərdim ki, basılan torpaqlarımızın həyasız düş­mənlərdən silib-süpürək. Yalnız Sən olmaq lazımdır ki, dər­din-qəmin ağırlığını bu həssaslıqla misralara köçürəsən və eyni zamanda bu ağırlığa Kişi dəyanəti, ər mətanəti ilə dözə biləsən:

Dərdimin dərdinə dərdim ağlayar,
Qəlbimdə bitibdi, dərdim ağlayar.
Düşmən tapdağında qalıb yurd-yuvam,
Dəryadan dərindir dərdim, ağla, yar.

Çox deyirdin «Kəlbəcərsiz haqqım yoxdur ölməyə». Zalım fələk bu haqqı Sənə qıymadı. Ilyas Tapdığın təbiri ilə desək, Əzrayıl da Səndən azı 50 il öncə yazdığın bənd üçün öz hayıfını aldı:

Amandı, Şamili eyləmə zayıl,
Gözün can almağa hamıdan qayıl.
Mən də can alanam deyən Əzrayıl
Bircə baxışından xəsarət çəkər.

Ancaq Əzrayıl həmişə olduğu kimi bu dəfə də namərd çıxdı. Axı Sən ona könüllü olaraq öz doğulduğun torpaqda təslim olmaq istəyirdin:

Özgəsiylə nə işim var,
Əzrayıldan xahişim var:
Vaxtım yetsə, dağa apar,
Al canımı yay səhəri,
Hardan alım Kəlbəcəri?

Bir beytində isə onsuz da Kəlbəcərsiz varlığını şübhə altına qoyursan:

Dağa necə uçum, balü-pərsizəm,
Hələlik meydanda şiri-nərsizəm.
Neçə ki yurdsuzam, Kəlbəcərsizəm,
Şamil Dəlidağ yox, yalan Şamiləm.

Kimə lənət oxuyum ki, doğulduğun torpağa qovuşmaq arzunu gözündə qoydu Sənin! Bir zaman anan dünyasını dəyişəndə onu sandıqda şəhər torpağına müvəqqəti tapşırdın, ən müqəddəs arzun isə onun nəşini dağlarda qəribsəyən ata qəbrinin yanına köçürmək idi. Çoxları inanmasa da, Sən inanırdın ki, torpaqlarımızı düşmən tapdağından azad etməyi bacaraca­ğıq. Bu arzunu da özünlə apardın və ananın müvəqqəti dayanacağı yanında əbədi sıgınacaq tapdın. Və bu yerdə bir cümə ax­şamı məzarının başında düşündüklərimdən yadıma düşür:

Hər əsən sərt külək yıxmazdı Səni,
Arzusu, əməli dağ aşan Kişi!
Həvəsin dünyaya sığmazdı Sənin,
Kiçik, dar məzara sığışan Kişi!

…Kəlbəcər həsrəti qəlbin deşsə də,
Doğma yurd qəmiylə qəlbi bişsə də,
Ata məzarından ayrı düşsə də,
Ana torpağına qarışan Kişi!

…Ad-san aldın qeyrət bazarlığında,
Baş olsan da millət yazarlığında,
Dəfn olundun bir kənd məzarlığında,
Fəxri Xiyabana yaraşan Kişi!..

Əslində vətənin torpağı hər yerdə müqəddəsdir, istər kən­ddə, istər altunlarla bəzənmiş xiyabanlarda. Fəxri Xiyaban da mənə bu dağ boyda itki üçün çox cılız təsəlli ola bilərdi. Sənin böyüklüyün qurub və qoyub getdiklərinlə, yazıb-yarat­dıq­larınla, yaddaşlarda və ürəklərə həkk elədiyin mənəvi də­yərlərlə ölçüləcək.

Sən sözün əsl mənasında dayanmadan haray çəkirsən. Torpaq yanğısı ilə qovrula-qovrula milləti «vətən üstə köklən­məyə» çağırmaqla yanaşı söz pəhləvanlarını və digər boşbo­ğazları sözdən işə keçməyə haraylayırsan:

Demə el yükünü mən də çəkərəm,
Nə qədər çəkmisən, sən onu göstər.

Və yaxud:

Söyləmə tökərəm düşmən gözünü,
Nə qədər tökmüsən, sən onu göstər.

Sən daim çarpışmadaydın – odla-alovla, şərlə-böhtanla, zalım­lıq və haqsızlıqla , nadanlıq və namərdliklə:

Harınlar min illər xalqı edib qul,
Qızılla, gümüşlə məzələnibdi.
Toyu da nimdaşda keçirib yoxsul,
Öləndə paltarı təzələnibdi.

Yüz insan ömrünə yerləşməyən gördüyün və qurduğun işlərlə öyünməyə haqqın var idi. Lakin Sən son gününə qədər nə qurub-yaratmaqdan, nə də yazıb-yaratmaqdan doymadın. Üç dəfə infarkt keçirən ürəyinin nəbzini tutanda dəhşətə gəlirdim, Sənin həyat eşqi ilə, dayanmadan yaratmaq eşqi ilə dö­yü­nən ürəyinin gur vurğuları məni riqqətə gətirirdi, ustad! Bəli, Sən ya­şamırdın, Sən yaradırdın. Yoxsa Ulu Yaradanla bəhsə girirdin? Bilmirəm. «Insan əli boz tikanı istəsə gülə döndərər» misralarını yazsan da insanın bir «cansız» buğdanı da yarada bilməməsindən təəccüblənirdin…

Sən Ulu Tanrı qarşısında daim hesabat verirdin və ona bəlli olan hər bir şeyi onun bəndələri üçün qələmə alırdın. Yaxşı bilirdin ki, nəyin nəçiliyi, kimin kimliyi onsuz da Allahdan gizli deyil…

Ömrünün yaxın sonunu görsən də belə həyata keçirmək istədiklərinin nəhayətsizliyi qarşısında usanmırdın. Yalnız bu nəhayətsiz arzularını reallaşdırmaq naminə Ulu Tanrıdan imdad istəyirdin:

Mən Şamiləm, Ulu Tanrı özü mənə kömək etsin,
Yer üzündə başqa kəsdən imdad, pənah istəmirəm. – deyirdin.

Sənə ürəyinin gur çırpıntılarını və bəzən də pıçıltılarını misralara köçürmək azlıq edirdi. Son günlər ürəyinin odunu qoyduğun Diyarşünaslıq muzeyinin ikinci dəfə oyanışı və yaranışı üçün adət-ənənələrimizi yağlı boyalara və gil fiqurlara köçürməkdə davam edirdin. Sən Günəşlə də yarışa girməyə hazır idin, fəqət öz əməllərini zərrə hesab edirdin:

Günəş zərrəsinin mindən biriyəm,
Bitsə də zəmidə min dən, biriyəm…

Yaman tələsirdin. Sən zamanla da yarışa çıxmışdın və bir anda yüz ilin işini görmək iddiasında idin:

Şamil, igid olan döşünə döyməz,
Min hünər göstərib özünü öyməz.
Adam var yüz ili bir ana dəyməz,
Adam var yüz ili yaşar bir anda.

Düşünürəm ki, hər hansı bir anında şair dühan bəşəriy­yə­tə şahanə misralar bəxş edə bilibsə və onlar min illər bundan sonra gələcək nəsillərin yaddaşlarına həkk olunacaqsa, bir anda yüz ili yaşamaq möcüzəsi Sənə qismət olub. Bu möcüzənin Sənin timsalında baş verdiyinə zərrə qədər şübhəm yoxdur.

Səninlə söhbətləşməkdən doymuram. Ömrünün qürub ça­­ğında da əvvəlki həvəslə coşub çağlayırdın, ustad. Nə həyata, nə insanlara, nə də dostlara olan ümidin qırılmırdı bir an da. Bu gün hansı səbəblərdənsə Sənin cilalı söz incilərinin, sənət gövhərlərinin üstünü mamırlamaq istəyənlərin za­ma­nın sına­ğın­da itib-batacaqlarına həmişə əmin idin:

Qoy ruhdan düşməmək olsun hünərin,
Qədri bilinəcək bir gün gövhərin.
Şamil, işə düşər söz əlçimlərin,
Həyatın əyirən cəhrəsi də var.

Əminəm ki, bu dünyanı şərafətləndirdiyin kimi o dünya­ya da meydan oxuya-oxuya şərafət aparmısan, ustad. Nahaq deməyiblər ki:

Ömür var ki, ölüm qədər zəhərli,
Ölüm var ki, ömürdən də dəyərli.

Sən mənəviyyat və yüksək amallar uğrunda mübarizə şə­hidisən. Sən bu şəhidliyə həmişə hazır idin:

Bu Şamilin haqq səsidir:
Dünya insan məhbəsidir.
Əcəl zəhər çeşməsidir,
Hamı ondan içəsidir.

Dünya bu gün sanki yetimləşib Sənsiz, yazıqlaşıb, fa­ğır­laşıb Sənsiz! Bilirəm ki, uzun müddət dünyamızın ədəbi aləmin qaməti düzəlməyəcək Sənsiz. Sənin kimi ömür yolçularına, ölümüylə ölümün özünü belə şərəfləndirən, ölümündən doğulanlar üçündür bu misralar:

Bax, Sənə yaraşır – yaşadım demək,
Belə yaşayasan yaşayanda da…

Sənsiz Səninlə etdiyim söhbətimə beləcə nöqtə qoymaq istəyirəm. Ömür-gün yolunun ah-amanı, fəryadı, hay-harayı ilə dolu olan «Döz ürəyim, döz dağlara dönüncə»nin harayına qoşulub sabah söz-sənət bağ­ça­nın dərinliklərinə təkrar-təkrar baş vurmaqdan ötrü ayağa qalxıram. Bir daha üzümü divardan asılmış, bu neçə saatda mə­nimlə həmdərd olan şəklinə üz tutub deyirəm: Allah Sənə rəhmət elə­sin, Ustad! Nə yaxşı ki, yazıb-yaratdıqlarınla, qurub qoyduq­larınla, işıqlı mənəvi dün­yanla bu fani dünyamızı zinətləndirdin… Yoxsa…

13 iyun 2005-ci il.

Nofəl Ədalət (şair – publisist)
Dədə Şamil.

Sən bir elin fəxri vüqarı.
Elimin şöhrəti ay Dədə Şamil.
Sən şair doğuldun söz sənətinlə.
Yaydın şöhrətini yay, Dədə Şamil.
Çatdın qovğalarla axır bu yaşa.
Ömrün bahar olsun qürb etmə qışa.
Hələ bir ömürdə gərəkdir yaşa.
Yaşına bir yüzdə say, Dədə Şamil.

Hanı Sənin kimi haqqı yazanlar?!
Kor olsun mizanı tərsə yozanlar.
Özləri düşəcək quyu qazanlar.
Varmı hikmətinə tay, Dədə Şamil.

Ölməz Xanilər yetirən tanrı.
Sənət yolarında bitirən tanrı.
Səni elimizə gətirən tanrı.
Veribdir əvəzsiz pay, Dədə Şamil

29.10 2004

Advertisements

Kommentar verfassen

Trage deine Daten unten ein oder klicke ein Icon um dich einzuloggen:

WordPress.com-Logo

Du kommentierst mit Deinem WordPress.com-Konto. Abmelden / Ändern )

Twitter-Bild

Du kommentierst mit Deinem Twitter-Konto. Abmelden / Ändern )

Facebook-Foto

Du kommentierst mit Deinem Facebook-Konto. Abmelden / Ändern )

Google+ Foto

Du kommentierst mit Deinem Google+-Konto. Abmelden / Ändern )

Verbinde mit %s

Schlagwörter-Wolke

%d Bloggern gefällt das: